top of page

"Rekrutinq-Orqanayzinq" mövzusunda vebinar keçirildi

Aprel ayın 12-si 2021-ci il taxində Avropa İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Federasiyası (EPSU) və Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin “Rekrutinq-Orqanayzinq” mövzusunda vebinar görüşü keçirilib. Tədbirdə Respublika Komitəsinin sədri Cəmilə Səttarova şəhər, rayon komitələrinin və ilk təşkilatların əsas fəaliyyət istiqamətləri, üzvlərinin sayı, həmkarlar ittifaqı üzvlüyünə cəlb olunma, pandemiya ərzində yaranan problemlər və digər məsələlər barədə ətraflı məlumat verdi. Görüşdə iştirak edən EPSU-nun nümayəndəsi Artyom Tidvannın mövzu ilə əlaqədar çoxsaylı sualları Cəmilə Səttarova və vebinarda iştirak edən şəhər, rayon komitələrinin və ilk təşkilatların nümayəndələri tərəfindən cavablandırıldı.


C.Səttarova bildirdi ki, ölkəmizdə həmkarlar ittifaqları ilə işəgötürənlər arasında işçilərin hüquqlarının müdafiəsi ilə bağlı müddəaların əks olunduğu kollektiv sazişlər bağlanır və bu sənədlərdə həmçinin işçilərin təklifləri öz əksini tapır. Problemlər, təkliflər və tələblər sənəd üzərində qalmır, müəyyən vaxt ərzində biz bu məsələlərin həllinə nail oluruq. Dünyanın əksər ölkələrində olduğu kimi, bizdə də mədəniyyət sahəsində çalışanların əməkhaqları respublika üzrə orta əməkhaqqından azdır. Baxmayaraq ki, son illər ölkəmizdə dövlət tərəfindən bu sahəyə xüsusi diqqət ayrılıb və mədəniyyət sahəsində çalışanların əməkhaqqısı bir neçə dəfə artırılıb. Mövcud problemlərin yaxın gələcəkdə həll olunması ilə əlaqədar təkliflər və tələblər hökumət , həmkarlar ittifaqı təşkilatları və işəgötürənlər arasında bağlanmış Baş Kollektiv Sazişdə öz əksini tapıb.


Həmkarlar ittifaqına üzvlərin cəlb edilməsi ilə bağlı suallara Respublika Komitəsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Zaur Həmidov aydınlıq gətirdi. O, gənc üzvlərin əmək, sosial-iqtisadi, hüquqi mənafelərinin müdafiəsi, əməyin mühafizəsi, gənclərin sağlamlığının qorunması, asudə vaxtlarının səmərəli təşkili, elmi potensiallarının aşkara çıxarılması və onların fəaliyyətlərinin müasir tələblərə uyğun şəkildə təşkili barədə görülən işlərdən danışdı. Gənclər Forumunun uğurlu nəticələri və gələcəkdə bu sahədə hazırlanacaq yeni layihələr, planlar haqqında iştirakçıları məlumatlandırdı.

Daha sonra MİHİ RK-nın üzv təşkilatlarının nümayəndələri sahə üzrə məlumatları təqdim etdilər.




bottom of page