top of page

“İlin Peşəkar Gənci” fəxri adına layiq görülən gənc fəalların təqdimolunma mərasimi keçirildi.

Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsində, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının “İlin Peşəkar Gənci” fəxri adına layiq görülən gənc fəalların təqdimolunma mərasimi keçirildi. Tədbiri giriş sözü ilə açan Respublika Komitəsinin sədri Cəmilə Səttarova vətəndaş cəmiyyətinin ən böyük aparıcı qüvvəsi olan həmkarlar ittifaqı təşkilatlarının fəaliyyətindən, ittifaq üzvlərinin yorulmaz əzmi nəticəsində əldə olunmuş nailiyyətlərdən, o cümlədən təşkilatın fəaliyyətində gənclərin aktivliyindən danışdı. Cəmilə xanım bildirdi ki, MİHİ RK istər müharibədən, istərsə də pandemiyadan əziyyət çəkən, qayğıya ehtiyacı olan üzvlərimizə, aztəminatlı ailələrə, şəhid və qazi ailələrinə yardımlarını əsirgəmədi. Bu yardımların təşkilində sözsüz ki, gənclər aparıcı mövqedə durdular. Həmçinin bu il ölkə tariximizə şanlı səhifəni gənclər - düşmənə göz dağı verib torpaqlarımızdan yağı ermənini qovan igid Azərbaycan oğulları yazdı. Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan gəncliyi haqlı müharibəmizdə möhtəşəm qələbə qazanaraq ölkəmizin dünya dövlətləri arasında nüfuzunu qaldırdı. İkinci Qarabağ müharibəsində qazandığımız Qələbənin bir illiyini bu yaxından yüksək əhval-ruhiyyə ilə qeyd etdik. Ötən bir il ərzində işğaldan azad olunan ərazilərdə aparılan tikinti-quruculuq işləri hamımıza məlumdur. Amma bu gün də Ermənistanın sülhlə bağlı tutumsuz mövqeyinə görə cəbhədə iğtişaşlar baş verir. Müzəffər Azərbaycan Ordusu bir il öncə olduğu kimi, bu gün də separatist ermənilərin cavabını layiqincə verir və verəcək.


C.Səttarova qeyd etdi ki, son illər bütün dünyanı cənginə almış pandemiya səbəbindən komitə və həmkarlar təşkilatı tərəfindən bir çox planlanmış proqramlar, tədbirlər təxirə salındı. Bununla belə tədbirlərimiz, gender bərabərliyi, gənclərin təşkilatlanması, həmkarlar ittifaqlarının fəaliyyətində xarici ölkə təcrübələrinin tətbiqi ilə bağlı konfranslarımız online formada həyata keçirilir.

C.Səttarova qeyd etdi ki, hər il olduğu kimi, bu il də peşəkar fəaliyyəti ilə həmkarlar ittifaqının işində aktiv rol alan gənclər qiymətləndirilir. Bu təşəbbüsə görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) rəhbərliyinə öz təşəkkürünü bildirdi.


Komitə tərəfindən AHİK-in gənclərin ixtisaslı kadr kimi hazırlığı işinə töhfə vermək üçün təsis etdiyi “İlin peşəkar gənci” fəxri adına layiq görülmüş nümayəndələri, AHİK-in Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Anar Mehbalıyevi, "Ülfət" qəzetinin müxbiri Əsli Əhmədovanı, və AHİK-in Mətbuat və İctimayətlə Əlaqələr şöbəsinin mütəxəssisi Əzim Talıbovu təbrik edib, fəaliyyətlərində bol uğurlar arzuladı.





bottom of page