Aprelin ayının 20-də Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin "Azərbaycanda qadın və kişilər arasında əmək qanunvericiliyinin tələbləri üzrə hüquq bərabərliyi və onun təminatı" mövzusunda vebinarı keçirilib. Tədbiri giriş sözü ilə açan Respublika Komitəsinin sədri Cəmilə Səttarova son illərdə qadın hüquqlarının müdafiəsi sahəsində qazanılmış uğurlardan danışdı. Dedi ki, qısa müddət ərzində ölkədə lider qadınlar formalaşıb, gənc qızlarımız üçün təkcə respublikada deyil, həm də xarici ölkələrdə yüksək təhsil almaq hüquqları yaradılıb.
C.Səttarova bildirdi ki, dövlət qulluğunda çalışanlar arasında qadınlar 29.2 faiz təşkil edir: “ Müasir qadın hərəkatının prioriteti qadınların kişilərlə bərabər imkanlara nail olmasıdır. Zərif cinsin nümayəndələrinin gündən –günə siyasi, iqtisadi, ictimai fəallığının artmasında dövlətin qadın siyasəti, bu sahədə atılan çoxsahəli addımlar mühüm rol oynayır. Respublikada demək olar ki, qadınlar üçün qapalı və qadağan edilmiş heç bir fəaliyyət sahəsi mövcud deyil. Beynəlxalq tədbirlərdə iştirak edən zaman görürük ki, digər ölkələrdə işçi qadınların ən çox rastlaşdığı problem əməkhaqqının kişi və qadınlar arasında ədalətli prinsip əsasında bölünməməsi ilə bağlıdır. Yəni eyni görülən iş üçün qadınlara daha az məvacib verilir. Ölkəmizdə isə demək olar ki, belə problemlər yox səviyyəsindədir. Bu sevindirici haldır.
Digər tərəfdən həkim və müəllim peşəsini daşıyanların arasında qadınlar çoxluq təşkil edir. Burada da balansı qorumaq lazımdır. Əsasən də təhsil sahəsində kişilərin sayının artırılması üçün müəyyən tədbirlər görülməlidir.
Sonra C.Səttarova 2010-cu ildə qəbul olunmuş “ Məişət zorakılığı haqqında”qanunun dövlətin qadın hüquqlarının qorunmasına göstərdiyi diqqətin təzahürü kimi qiymətləndirdi . Vurğuladı ki, rayon, şəhər komitə sədrləri bu sahədə də diqqətli olmalıdır, qadınlara həssas yanaşmalıdırlar ki, onlar iş yerlərində qarşılaşdıqları hər bir çətinlyi rəhbərliklə səmimi bölüşə bilsinlər. İş yerlərində qadınların öz hüquqlarını bilmələrində onlara daim dəstək göstərilməlidir.
AHİK-in Hüquq şöbəsinin müdiri Leyla Acalova dedi ki, dünyada əmək bütün istehsalçıların simasıdır. Əgər bu simaları biz qadın və ya kişi deyə ayırsaq insan əməyinə hörmətsiz yanaşmış olarıq. Pandemiya dövründə bir daha sübut olundu ki, bütün dünyada qadınlar üzrə qadınlar həssas qrup kimi qeyd edilir. Bu dövrdə bağçaların, məktəblərin işləməməsi ilə əlaqədar olaraq onların üzərinə daha da böyük yük düşdü. L.Acalova həmçinin qadınlar üçün Əmək Məcəlləsində müəyyən edilmiş güzəştlər, imtiyazlar və əlavə təminatlar haqqında ətraflı məlumat verdi. Vebinarda iştirak edən şəhər, rayon komitələrinin və ilk təşkilatların nümayəndələri tərəfindən verilən sualları cavablandırdı.