top of page

Şair Barat Vüsalın 70 illik yubileyi keçirildi (07.04.2021)

Azərbaycan Yazıçılar Birliyi Qazax zona bölməsinin sədri, Əməkdar incəsənət xadimi, şair Alıyev Barat Alı oğlu (Barat Vüsal ) 70 illik yubileyi münasibəti ilə Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən fəxri fərmanla və pul mükafatı ilə təltif olunub. Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı ( MİHİ ) Qazax rayon komitəsinin təşkilatçılığı ilə Qazax Ədəbiyyat muzeyində rayon komitəsinin sədri, Əməkdar Mədəniyyət işçisi İsgəndər Qurbanov fəxri fərmanı və pul mükafatını yubilyara təqdim etmiş, xatirə şəkilləri çəkdirilmişdir. Mərasim iştirakçıları şairi təbrik etmiş, yaradıcılığından, ədəbiyyat sahəsindəki xidmətlərindən danışmışdır. Barat Vüsal çıxışında ona göstərilən qayğı və diqqətə görə Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə, təşkilatçılara və iştirakçılara öz minnətdarlığını bildirmişdir. Daha sonra Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Elbəy Əli və digər qonaqlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2012-ci ildə açılışında iştirak etdiyi Ədəbiyyat Muzeyi ilə yaxından tanış olmuş, Azərbaycanın görkəmli ədəbiyyat xadimlərinin muzeydə toplanmış kitablarına, şəkillərinə və onlar haqqında digər maraqlı eksponatlara baxmışdır. Görüşdə geniş fikir mübadilələri aparılmışdır. Respublika üzrə mədəniyyət sahəsində həyata keçirilən islahatların, mütərəqqi yeniliklərin labüdlüyü qeyd olunmuşdur. Sonda Barat Vüsal “Xətadı qeyri-eşq” adlı yeni kitabını tədbir iştirakçılarına hədiyyə etmişdir.




bottom of page